Çalıquşu
ŞəbnəmAvqust 4, 2008 22:02
Bir filmə təkrar-təkrar baxmağı heç sevməmişəm. Bəzən düşünürəm ki, niyə? Bu da qəribə və mənasız sualdır yəqin ki, elə deyilmi? Bu niyəni isə ona görə düşündüm ki, bəzi tanıdığım insanlar var, onlar üçün filmi təkrarən izləmək də maraqlıdır. Bəlkə də, bu filmdən asılıdır. Film əgər həqiqətən maraqlıdırsa, deməli, neçə dəfə baxılsa da, yenə də öz marağını itirmir – deyə, bir qənaətə gəldim. Amma, film nə qədər maraqlı olsa da, filmə 1-2 dəfə baxdıqdan sonra bir daha baxmaq kimi bir həvəsim olmur. Təbii ki, bəzi filmləri (bir bizim köhnə filmlərimizdən bəziləri, bir Çalıquşu və bir neçə başqa filmlər..yəni bu siyahı çoxluq təşkil etmir) çıxmaq şərti ilə.
Mənim özümün mənə belə aydın olmayan bu xüsusiyyətim məni bəzən çaşdırır. Bayaqdan deyirəm ki, film nə qədər maraqlı olsa da uzaqbaşı 1-2 dəfə baxaram, o qədər. Sonra isə deyirəm ki, bəzi filmləri çıxmaq şərtilə. Ay oxucu, gəl, indi bu qarışıqlığın içindən çıx.
Nə isə, uzatmayıb, əsas məsələmə keçmək istəyirəm. Öz düşüncəmdə, filmlər barəsində olan maraq dairəmdə dövr edən filmlər, yox, daha doğrusu bir film barəsində danışmaq istəyirəm. Dünyaca məşhur “Çalıquşu”. Mənim üçün maraqdan düşməyən bir əsər, film. Bu filmə uşaqlıqdan bəri bilmirəm neçə dəfə baxmışam. Amma, yenə də göstərsələr, televizorun qarşısına dikiləcəyəm ki, elə bil birinci dəfədir seyr edirəm.

Yazıçı: Reşat Nuri Güntekin
Rejissor: Osman F. Seden
İştirakçılar: Aydan Şener - Kenan Kalav - Sadri Alışık - Mine Çayıroğlu - Zafer Ergin - Tilbe Saran - Hayati Hamzaoğlu - Tomris Oğuzalp - Eşref Kolçak
Film musiqisinin bəstəkarı: Esin Engin

Bu film 1986-cı ildən öncə də çəkilmiş və həvəslə seyr edilmişdir. Amma, mən 1986-cı ildə çəkilən versiyasından danışıram, hansı ki, bu filmin yaradılışında əməyi keçənlərə öz minnətdarlığımı bildirir, halal olsun deyirəm.
Güclü yazar - Reşat Nuri Güntekin. Məhz bu yazıçının əsəridir ki, könülləri illərdən bəri belə fəth edib, axı, bir mən deyiləm bu əsərin, filmin pərəstişkarı olan. Ümumiyyətlə, R. N. Güntekinin bir neçə əsəri ilə tanışam və bildirim ki, çox xoşlayıram. Allah ona rəhmət eləsin.
Həm güclü əsər, həm musiqi əla, aktyorlar da ki, öz öhdələrindən layiqincə gəliblər. Yeri gəlmişkən Sadri Alışık da mənim çox sevdiyim aktyorlardandır. Allah ona da rəhmət eləsin. Ümumiyyətlə, bu filmin həyatında izi olanların aramızda olanlarına minnətdarlığımı bilmdirir, həyatını dəyişənlərə isə Allahdan rəhmət diləyirəm. Onlar da əbədi yaşardılar.
Deyirəm ki, təki çəkilən filmlər hər zaman belə maraqlı olsun.
271 oxunma
Həyata baxış
film çalıquşu reşat-nuri-güntekin əsər






