Mürəkkəb dolu qələm.
Şəbnəm HəsənəlizadəAprel 16, 2008 21:25

Salam.
"MÜRƏKKƏB DOLU QƏLƏM". Bildiyiniz kimi, bu, mənim blogumun başlığıdır. İstərdim bu barədə azacıq məlumat verəm. Bloqumda, mən, öz düşüncələrimi, şerlərimi, hekayələrimi, ümumiyyətlə, öz işlərimi yerləşdirəcəyəm. "Mürəkkəb dolu qələm" - bu nə deməkdir? Bu adı mən zənnimcə həm məcazi mənada, həm də real mənada görürəm. Məcazi mənada ona görə ki, bildiyiniz kimi, mürəkkəb sözü omonim kimi iki mənada işlənir. Biri “çətin” mənasında, digəri isə “yazı yazmaq üçün maye” mənasında. Çətinliklər və maye dolu qələm- deməklə, mən, həyatın asan olmadığını, insanın çoxlu sınaqlardan keçdiyini, bəzən qalib, bəzən isə uduzan olduğunu və ümumiyyətlə, yer üzündə insan övladının min cür çətinliklərlə üzləşdiyini nəzərdə tuturam. Buna baxmayaraq, dik durur hər zaman insan, qaməti bükülmür, ümid edir, dua edir, arzulayır və bununla öz dünyasında yaşamağa davam edir. Bu qələm doludur, ürək kimi. Kədərdənmi, sevincdənmi, havadanmı, sudanmı, quzudanmı, qurddanmı, bilinmir -ilhamı nə vaxt gələcək, nə vaxt, nə yazacağı bəlli deyil. Eləcə də, içindəkini yaza-yaza hara sığdıracağı kimi. Dedim axı, doludur qələmimin mürəkkəbi.
149 oxunma
Haqqında




